Yüklənir...
Yüklənir...

Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin – mənim arzum” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən “Parafraz Nəşrləri”nin təsisçisi, yazıçı, tərcüməçi və bədii redaktor Cavid Qədir, kitabın müəllifi Katana Qafarova, kitabın ərsəyə gəlməsi, əsərin ideyası və əsas mesajları barədə fikirlərini bölüşüb, xaricdə təhsil almaq istəyən gənclər üçün əhəmiyyətinə, şəxsi təcrübənin bölüşülməsinin, düzgün istiqamət verən tövsiyələrin vacibliyinə diqqət çəkiblər.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Dinq Tao, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov, institutun Çin tərəfdən direktoru Li Yihua, nəşriyyat sahəsində fəaliyyət göstərən mütəxəssislər, oxucular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Parafraz Nəşrləri” tərəfindən çapa hazırlanan kitab təkcə bir tələbənin xaricdə təhsil almaq təcrübəsindən deyil, arzuların məqsədə, məqsədlərin isə gerçəkliyə çevrilməsi yolundan bəhs edir. Əsərdə müəllifin şəxsi təcrübəsi əsasında əldə olunan uğurlar, bu uğurların arxasında dayanan uzun hazırlıq mərhələləri, tərəddüdlər, məsuliyyət hissi və şəxsi inkişaf prosesi işıqlandırılır.
Kitabda Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq istəyən gənclər üçün praktiki tövsiyələr yer alır. Əsər həm Çinə və xaricdə təhsilə maraq göstərənlər, həm də böyük arzular quraraq qarşıya qoyduqları məqsədlərə çatmağa çalışan oxucular üçün nəzərdə tutulub.
“Çin – mənim arzum” kitabının əsas mesajı ondan ibarətdir ki, insanın həyatını dəyişən təkcə arzuları deyil, həmin arzuları gerçəyə çevirmək üçün atdığı kiçik, lakin ardıcıl addımlardır.